“Mən görkəmli nasir Aqşin Babayevin böyük tərəddüdlər içində oxucuya təqdim etdiyi bu şerlər toplusunu məhəbbət mövzusunda yazılmış kitab arasından beqəfil düşən qurumuş, solmuş, fəqət canlı güllərdən daha canlı qızıl gül butasına bənzədirəm, mən bu kitabı baba, nənə sandığında yazdan qışacan gizli qalan lumuya, ətirli almaya bənzədirəm”.
Vaqif Bəhmənli
BU DA ÖMÜR
Bir içim su istədim Gec verdilər, içmədim. Bir yolda gözüm qaldı Qoymadılar, keçmədim. Bir şirin söz dilədim “Bir az gözlə” dedilər. Haqqımı istəyirdim Haqqımı da yedilər.
YAŞAMAQ İSTƏMİRƏM
Hər il bahar yerinə ömrümə qar gələndə, Atamyaşlı qocalar küçədə dilənəndə Yaşamaq istəmirəm!
Bir ana qucağında körpə “acam” deyəndə, Bisavad bir bambılı pula pul deməyəndə Yaşamaq istəmirəm!
Haram haramzadələr iş başında olanda, Namuslu qadınların gözü yaşla dolanda Yaşamaq istəmirəm!
Həyat necə gözəldir, Açan güllər solmasa. Həyat necə gözəldir, Qüssə-ələm olmasa. Həyat necə gözəldir, Zülm edənlər məzlumlara Dərd verməkdən Doysalar! Həyat necə gözəldir, Yaşamağa qoysalar!
AZ QALIB
Bir yarpaqdım sola-sola saraldım. Bir səhərdim axşam oldu, qaraldım. Qartal kimi zirvələrdən bar aldım. Zirvələrdən enməyimə az qalıb.
* * *
Bir çayırdım daşı dəldim, oyandım. Günəş çıxdı, atəşinə boyandım. Qürub çağı solğun-solğun dayandım. Şam kimiyəm, sönməyimə az qalıb.
* * *
Bir sədaydım dağa dəydi qayıtdı. Ağ saçlarım məni yaman ayıltdı. Ölüm mənə dişlərini sıyırtdı. Xatirəyə dönməyimə az qalıb.