BUNDAN SONRA AYRILMAYAQ… Müzəyyənə
Düz bir aydır ayrılmışıq,
Sən də, mən də tək qalmışıq,
Bu bir ayda qocalmışıq,
Bundan sonra ayrılmayaq.
Qış fəslində bahar çağım,
Ömrüm boyu dərd ortağım,
Gecə-gündüz nur çırağım,
Bundan sonra ayrılmayaq.
Dost varsa da, sirdaş deyil,
Qonum-qonşu yoldaş deyil,
Yaşımız da o yaş deyil,
Bundan sonra ayrılmayaq.
Taleyimə sənsən dayaq,
Gecələri qaldım oyaq,
Yetim qalıb bu ev, ocaq,
Bundan sonra ayrılmayaq!