NAZİM HİKMƏTƏ BAĞLI ÖMRÜM
1957-ci il… Azərbaycan Dövlət Universitetinin iclas salonu. Nazim Hikmət kürsüdədir. Biz tələbələr uzaqdan-uzağa seyr edirik onu. Gur səsi dalğa-dalğa yayılır: “Bu müqəddəs, bu qüdsal evinizə – darülfünunuza çağırdığınız üçün təşəkkürlər edirəm. Məni dünyanın ən bəxtiyar insanlarından biri yapdınız. Və mən indi burada düşünürəm ki, bəlkə mən görmədim, amma oğlum görəcək, necə İstanbulda da, bizim universitetdə də belə bir salon olacaq, oraya da Azərbaycandan bir şair gələcək, məsələn, indi burda şeir oxuyan bu qızcığaz gələcək. Siz məni necə qarşılayırsınızsa, onlar da onu elə qarşılayacaqlar. O şairdən bir istəyim var. O, oraya getdiyi vaxt mənim İstanbullu gənclərimə desin ki, bizə də sənin Nazimin gəldi. Biz onu qardaş kimi bağrımıza basdıq və biz ona çox şeyi öyrətdik. Nə öyrəndisə bu dünyada, çoxunu bizdən öyrəndi. Bunu söyləməyi unutmasın. Və məndən salam söyləsin. Çünki, bəlkə mən məmləkətimə qovuşa bilmədim. Amma o, mənim məmləkətimi görəcək.”
1961-ci il… Moskvadayam. Şairin evində onunla üzbəüz oturmuşam. İnana bilmirəm ki, “Mavi gözlü dev”lə görüşmüşəm.
1962-ci il… Şair Bakıda qonaqdır. Radio jurnalisti kimi səsini lentə yazıram. Ayrılanda deyir: “Müdafiənə məni də çağır. Unutma.”
1963-cü il… Nazimin qəfil ölüm xəbərini eşidirəm. Uşaq kimi ağlayıram.
1967-ci il… Nazim Hikmətin yaradıcılığına həsr olunmuş namizədlik dissertasiyamı müdafiə edirəm. Nazimşünas, bizim həmyerlimiz Əkbər Babayevdən teleqrafla rəy və təbrik məktubu almışam. Müdafiəmdə Nazim Hikmətin müəllimi hesab olunan, Türkiyənin məşhur jurnalisti Zəkəriyyə Sərtəl iştirak edir.
1972-ci il… Şairin Vətəni Türkiyədəyəm. Üç illik işləməyə gəlmişəm. Nazimin həsrətində olduğu, bircə dəfə də görmədiyi Toros dağlarından keçirəm.
Adana şəhərində kitab mağazasında mənə bir türk: “Bizdə vətən xaininin kitabı satılmaz” deyir. Baxıram bu türkə, ürəyimdən qara qanlar axır. Niyə beləyik biz? Amma çox keçmədən bu xəyal qırıqlığı tərk edir məni. Türkiyədə tanış olduğum dostlar – Ercan, Kamal, Yusif Nazimdən şeirlər deyirlər. Sevinirəm. Demək türklər Nazimi sevirlər.
Haşiyə: Heç ağlıma da gətirə bilməzdim ki, Nazim Hikmətin YUNESKO xətti ilə 2002-ci ilin yanvar ayında keçiriləcək yubileyinin əks-sədası həm Türkiyədə, həm də Azərbaycanda çoxlarını sevindirsə də, bəzi adamların qanını qaraldacaq. Nazimi sevməyənlər əvvəllər sanballı adamlar olub. Məsələn, Orxan Seyfi, Pəyami Səfa… İndi Nazimin bədxahları orijinal görünmək üçün dəridən-qabıqdan çıxan tör-töküntülərdir. Ancaq onlar istəsə də, istəməsə də, Nazim Hikmətin 100 illiyi bayram edildi. Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda da Nazim Hikmət yubileyi təntənə ilə keçirildi. Nəşriyyatlarımız bu böyük sənətkar haqqında kitablar nəşr etdilər. Görkəmli bəstəkarımız Arif Məlikovun Nazim Hikmətin ölməz əsəri əsasında yaratdığı “Məhəbbət əfsanəsi” baleti bir daha İstanbul teatrının səhnəsini bəzədi. Bir sözlə, Nazimin 100 illiyi böyük təntənə ilə keçdi.
1975-ci il… Türkiyədən Azərbaycana dönürəm. Nazimin kitabları ilə. Dünya xali deyil. Nazimi sevənlər çoxdur.
1976-1991-ci illər… Radioda işlədiyim illərdə Türkiyədən gələn qonaqları – Haldun Taneri, Əziz Nesini, Kamal Bayramı, Vedat Türkəlini, Oqtay Akbalı, Asim Bezercini və başqa sənət xadimlərini qarşılayıram. Sözümüz-söhbətimiz Nazim Hikmətdəndir.
1978-ci il… Nazim Hikmət haqqında kitabım Bakıda “İşıq” nəşriyyatında çap olunur.
1982-ci il… “Cümhuriyyət dövrü türk dramaturgiyasında ictimai motivlər” adlı kitabım Azərbaycan Elmlər Akademiyasının “Elm” nəşriyyatı tərəfindən çap olunur. Kitabın Nazimə həsr olunmuş ayrıca fəsli var.
1989-cu il… “Nazim Hikmət və yaşamı” adlı kitabım Berlində türk dilində işıq üzü görür. (Onu qələm dostum Yüksəl Kaya türkcələşdirmişdir.)
1992-ci il… Bakıya jurnalist Mustafa Ekmekçi gəlir. Nazim Hikmət dilindən düşmür. Onu tanıyanlardan müsahibələr alır. Nazim Hikmət haqqında xüsusi reportaj hazırlayır. Şairin Azərbaycanla bağlılığını öyrənir.
1996-cı il… Türk dramaturgiyasına həsr olunmuş doktorluq dissertasiyamı müdafiə edirəm. Araşdırmanın böyük bir hissəsi Nazim Hikmətin dram yaradıcılığına həsr olunmuşdur. Televiziya və radio verilişlərində Nazim haqqında danışıram, iftixar hissi keçirirəm.
1998-ci il… “Azərbaycan və türk dünyası” adlı kitabım çapdan çıxır. Onun böyük bir hissəsi Nazimə həsr olunub.
2000-ci il… Mən Nazim Hikmət Kültür və Sanat Vakfının Məsləhət Şurasının üzvü seçilmişəm.
Yenə 2000-ci il… “100 yaşlı Nazim Hikmət” adlı kitabım kütləvi tirajla işıq üzü görür və bu kitabıma görə 2001-ci il aprelin 11-də Beynəlxalq Mükafatlar Akademiyasının “Humay” mükafatına layiq görülürəm.
2012-ci il… Türkiyədə “Nazim və Azərbaycan” kitabım çap olunur.
Üç il həyat yoldaşımla, qızımla Nazim Hikmətin Vətənində yaşamışam. Ömür dostum Müzəyyən xanım Zəkəriyyə Sərtəlin Nazim Hikmətə həsr etdiyi “Mavi gözlü Dev” kitabını dilimizə çevirib. Oğlum Gündüz aliəsi ilə birlikdə beş ildir ki, Nazimin Vətənindədir.Burada işləyir. Nəvələrim Nazimin dilində təhsil alırlar. Qızım Aytən Nazim Hikmətin fəlsəfi görüşlərinə həsr olunmuş dissertasiya müdafiə edib. Fəlsəfə doktorudur. Evdə yazı masamın üstündə əlini çənəsinə söykəyib mənalı gözləri ilə mənə baxan Nazim Hikmətin şəkli var. Audio-kasetlərdə Nazimin səsi var. Bu səslər içərisində onun özünün oxuduğu şeirlər də var, mənim ondan aldığım müsahibələr də…
Bütün bu dediklərim ömrümün bir parçasıdır… Tələbəlik illərindən bu günə qədər gəlib çatan Nazim Hikmətə bağlı ömür! İnanıram ki, gündən-günə şöhrəti ucalan Nazim Hikmətin gələcək tədqiqatçıları heç olmasa bir yerdə mənim adımı çəkəcəklər. Bu, mənim üçün böyük qürur olacaq. Həyatda olsam da, olmasam da… Amma hələ ki, torpağın üstündəyəm. Nə qədər ki, torpağın üstündəyəm, Nazimdən deyəcək, Nazimdən yazacağam.