BİR parça həyat

A.BabayevAqşin Əlisəttər oğlu Babayev 1936-cı il noyabr ayının 23-də Bakı şəhərində anadan olmuşdur.
Əmək fəaliyyətinə qəzet jurnalisti kimi başlamış, 32 il Dövlət Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyət göstərmiş, 15 il Azərbaycan radiosuna və xarici verilişlərə başçılıq etmişdir.

O, 1972-1975-ci illərdə Türkiyədə işləmişdir. 1967-ci ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1998-ci ildə professor elmi adına layiq görülmüşdür. Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü olmuşdur.
2004-cü ildə II dərəcəli Dövlət müşaviri rütbəsinə layiq görülmüşdür.

Aqşin Babayev 40-a qədər ədəbi və elmi kitabın müəllifidir. Onun “Kişilər az yaşadı” kitabı Moskvada, “Nazim Hikmət” əsəri Berlində, “Nazim və Azərbaycan” kitabı İzmirdə çap olunmuşdur. Povestləri, hekayələri və elmi məqalələri Amerikada, Türkiyədə, Gürcüstanda, Almaniyada, Moldovada və başqa ölkələrdə dərc edilmişdir.

Aqşin Babayev dramaturgiya sahəsində də çalışıb.
Onun “Şeytanın yubileyi”, “Yaralar”, “Kim nə deyər…”, “Olmuş əhvalat”, “Oğul”, “Xilaskar” pyesləri, “Bir parça həyat”, “Nekroloq”, “Dəvətnamə”, “Mükafat”, “Yol” telefilmləri və başqa dram əsərləri teatr səhnələrində, televiziya ekranlarında nümayiş etdirilmiş, tamaşaçı rəğbəti qazanmışdır.

Aqşin Babayev Nazim Hikmət tədqiqatçısı kimi tanınır. O, Türkiyənin Nazim Hikmət Kültür və Sənət Vəqfindəki Məsləhət Şurasının üzvü olmuşdur. O, Azərbaycan Ensiklopediyasında türk ədəbiyyatına aid əksər oçerklərin müəllifidir. Aqşin Babayev elmi, ədəbi yaradıcılığı ilə yanaşı tərcüməçilik sahəsində də fəaliyyət göstərib. İtalyan dramaturqu Terensinin “Qardaşlar”, türk dramaturqu Haldun Tanerin “Keşanlı Əli dastanı” pyeslərini, Əziz Nesinin “Hekayələr” kitabını və başqa əsərləri dilimizə çevirmişdir.

Aqşin Babayev respublikanın Əməkdar jurnalistidir. Jurnalistika sahəsindəki fəaliyyətinə görə o, “Qızıl qələm”“Həsən bəy Zərdabi”“Yusif Məmmədəliyev”, “Humay”, “Araz”  Ali ədəbi mükafatlarının laureatı adına layiq görülmüşdü. O, müxtəlif illərdə Jurnalistlər Birliyinin katibi, bu Birliyin Bakı şöbəsinin məsul katibi və ingilis, fransız, ispan və ərəb dillərində nəşr olunan “Moscow News” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olmuşdur.

YAZIÇI, DRAMATURQ, ŞAİR, TƏRCÜMƏÇİ, FİLOLOGİYA ELMLƏRİ DOKTORU, PROFESSOR, ƏMƏKDAR JURNALİST, İCTİMAİ XADİM

error: