Bu gece

BU GECƏDƏN ÇIXA BİLSƏM…

Ürəyimi yandırdılar, yaxdılar,
Bu gecədən çıxa bilsəm, min şükür.
Yaxınlarım dinmədilər, baxdılar,
Bu gecədən çıxa bilsəm, min şükür.

Qılınc çəkdi, – dedim vurmaz, – vurdu o,
Ayağıyla sinəm üstə durdu o,
Talan etdi çoxlarının yurdun o,
Bu gecədən çıxa bilsəm, min şükür.

Xalq adıyla danışanlar yaranıb,
Xalq özü da əbləhlərə inanıb,
Gül xəzana, xəzan gülə sarınıb.
Bu gecədən çıxa bilsəm, min şükür.

Hey… insandı meydan boyu yüyürür,
«Xalq» kəlməsi asimanı bürüyür,
Xalqın oğlu torpaq altda çürüyür.
Bu gecədən çıxa bilsəm, min şükür.

Bu meydanın mətləbini bilən var,
Bu meydana qəh-qəh çəkib gülən var,
Qarabağı gözgörəki verən var.
Bu gecədən çıxa bilsəm, min şükür.

Dərdli başım, Allah deyib, bax göyə,
Bilmək olmaz kim gələcək gülləyə,
Oğul odur əyilməyə, ölməyə.
Bu gecədən çıxa bilsəm, min şükür.

1990

YAZIÇI, DRAMATURQ, ŞAİR, TƏRCÜMƏÇİ, FİLOLOGİYA ELMLƏRİ DOKTORU, PROFESSOR, ƏMƏKDAR JURNALİST, İCTİMAİ XADİM

error: