EG

“Türk dünyasının Aqşini”.
Filologiya üzrə fəlsəfə doktoru Sevinc Abbasova.

Ədəbiyyat qəzeti, 26 noyabr 2016, s.15.

“Aqşin Babayev zəngin yaradıcılığa malikdir. Onun ədəbi-bədii irsinin hər bir sahəsi – poeziyası, bədii nəsri, dramaturgiyası, publisistikası, jurnalistika, tənqid, ədəbiyyatşünaslıq sahəsində gördüyü işlər və pedaqoji fəaliyyəti xüsusi tədqiqat mövzusudur. Zamanın, mühitin humanitar aynası olmaq, vaxtdan ucada durmaq hər qələm sahibinə nəsib olmur. Bu yalnız, yaxşı mənada, ömürlə yaradıcılıq fəaliyyəti arasında sərhəd götürüləndə, yaradıcı əmək, zəhmət, ömürdən surətli olanda mümkün olur. Bu baxımdan Aqşin Babayev də nümunəvi yazardır. Bədii əsərlərini nəzərə almasaq, onun “Yanan zürafə”, “Qələm və mikrofon”, “Azərbaycan və türk dünyası”, “100 yaşlı Nazım Hikmət”, “Müasir türk dramaturgiyası”, “Kino sənətinin təməl daşı” və digər monoqrafiyalarında bir insan ömründən artıq həyata, yaradıcı insanlara, mədəniyyət və sənətə dərin, ülvi məhəbbət vardır. “Yanan zürafə” minnətdarlıqla xatırlanan, avtobioqrafik-memuar ədəbiyyat cümləsindən olan dərin, düşündürücü monoqrafiyadır. Həqiqi mənada ötən əsrin əllinci illərindən sonrakı, mühüm məlumat-informasiya toplusu olan bu sənədli əsərdə Aqşin Babayevin qayğı, diqqət, məhəbbət dolu hissləri, əsrin humanitar mahiyyətini açan düşüncələri, əməli fəaliyyətinin ən şirin xatirələri, 30 ildən artıq Azərbaycan radiosu ilə bağlı olan əməkdaşlığının təcrübəsi, publisist düşüncə məqamları toplanmışdır. Monoqrafiyaya düzgün ad seçilmişdir. Burada “yanmaq” sadəcə olaraq təbiət hadisəsi deyil, milli-mənəvi dəyərlərin qorunması, təbliği, ədəbiyyatın, sənətin “pərvanəsi olmaq”, daim işığa üz tutmaq, milli ruh, milli zövq, türkçülük, turançılıq, azərbaycançılıq naminə ömrü əsirgəmədən xidmət göstərmək faktıdır. Bu möhtəşəm monoqrafiyanın baş qəhrəmanı, pərvanəsi də, yananı da Aqşin Babayevin özüdür. Müəllif yazır: “Mən çox adi bir insanam. Böyük şəxsiyyətlərin yanında zərrədən də kiçiyəm. Amma bu zərrə ömrümdə çox şeylər görmüşəm. Gördüklərim yalnız mənim tərcümeyi-halım deyil, həm də yaşadığım dövrün güzgüsüdür.” Kitabı oxuduqca bu qənaətə gəlirsən ki, belə bir mühitdə milli-sosial vətəndaş kimi “yanmadan” nəyə isə nail olmaq mümkün deyil. Bu baxımdan demək lazımdır ki, Aqşin Babayevin ədəbi-bədii irsi məhz bu zürafə yanğısının məhsuludur. “Yanan zürafə”də A. Babayevin Nazim Hikmət, Əziz Nesin, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Əliağa Vahid və digər sənət xadimləri ilə görüşləri də əks olunmuşdur.

Azərbaycan tənqid və ədəbiyyatşünaslığında Türkiyə mövzusunun sistemli, ardıcıl, elmi araşdırılması sahəsində Aqşin Babayevin də xidməti vardır.  Aqşin Babayev bu mövzuda namizədlik və doktorluq işləri yazmış, “Azərbaycan və türk dünyası”(1998), “Müasir türk dramaturgiyası”(1998), “100 yaşlı Nazim Hikmət”(2000) adlı sanballı monoqrafiyalar, çoxsaylı elmi məqalələr qələmə almışdır. Onun N. Hikmətə həsr olunmuş kitabları Almaniyada, Türkiyədə də nəşr olunmuşdur.

“100 yaşlı Nazim Hikmət” Aqşin Babayevin bu qüdrətli sənətkarla bağlı ömür-gün kitabıdır. Kitabda toplanmış altmış bir publisist və sənədli yazının hər birində Nazim Hikmətə dərin məhəbbətlə yanaşı ömür və tale yollarının xatirələri işığında Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri geniş əks etdirilmişdir. Nazim Hikmətlə bağlı olan ömür yolu ilə fəxr edən, onu həmişə minnətdarlıqla xatırlayan Aqşin Babayev yazır: “Uzun illər Azərbaycan radiosunda işlədiyim dövrdə Türkiyədən Azərbaycana gələn yazıçılar, rəssamlar, bəstəkarlar, jurnalistlərlə hər dəfə görüşəndə Nazim Hikmətdən söz açmışam. Dodaq büzənlər də olub, göz yaşı axıdanlar da. Üç il Türkiyədə, Nazimin məmləkətində yaşamışam. İstanbulu, Ankaranı, İzmiri, Konyanı, dumanlı Boğaziçini Nazimin gözləri ilə seyr etmişəm. Hətta Nazim Hikmətin ömür boyu görmədiyi, həsrətində olduğu Toros dağlarından da keçmişəm”.

Kitabın əksər portret oçerkləri, xüsusilə “Universitet illəri və Nazim Hikmətlə ilk görüş”, “Qəribə adam” pyesinin 250-ci tamaşası”, “Bu dünyadan Nazim keçdi”, “Nazim Hikmət və Rəsul Rza”, “Nazim Hikmət pyeslərinin Azərbaycanda nəşri və səhnə taleyi”, “Nazim Hikmət yaradıcılığı və Azərbaycan türkşünaslığı” və digər yazılar Azərbaycan-Türkiyə əlaqələrini bütün incəliklərinə qədər göz önündə canlandırır. Onu da diqqətə çatdırmaq istərdim ki, Aqşin Babayevin elmi-nəzəri fəaliyyətində “Türkiyə-Nazim Hikmət” mövzusu qırmızı xətt kimi keçir. Bəzən müstəqim, bəzən dolayısı ilə Aqşin Babayev həmişə bu mövzunu gündəmdə saxlayır. Çünki bu mövzunun əhatə dairəsi, problemləri, hər iki xalqın, “Bir millət, iki dövlət olan” (Ulu öndər Heydər Əliyev) Azərbaycan-Türkiyə əlaqələrinin davamlı, sarsılmaz olduğunu təsdiq edən faktlarla zəngindir. Aqşin Babayevin “Azərbaycan və türk dünyası” monoqrafiyası məhz həmin mövzuya həsr olunmuşdur. Müəllif kitabın ərsəyə gəlməsi səbəblərindən bəhs edərək yazır ki, “Azərbaycan və türk dünyası” adlı bu kitabı hazırlamaqda məqsədim Azərbaycan-Türkiyə münasibətlərini ilk növbədə ədəbi əlaqələr baxımından işıqlandırmaqdır. Mən uzun illər Azərbaycan radiosunun Türk redaksiyasında çalışmışam. Nazim Hikmət, Əziz Nesin, Haldun Taner, Oqtay Akbal, Şükran Kurdakul, Kamal Bayram kimi türk sənətçiləri ilə görüşmüşəm, məktublaşmışam. Həm namizədlik, həm doktorluq dissertasiyamı türk ədəbiyyatına, türk dramaturgiyasına həsr etmişəm. Nazim Hikmət yaradıcılığını diqqətlə öyrənmişəm. Bir sözlə, təbir caizdirsə, həyatımı türkşünaslığa həsr etmişəm”.

Monoqrafiyada türk teatr və dramaturgiyasının tarixi, inkişaf mərhələləri geniş şəkildə işıqlandırılır. Mövzuya uyğun seçilmiş pyeslərin ideya məzmunu, bədii təsir gücü, təbliği xarakteri elmi ümumiləşdirmələrlə şərh olunur. Əziz Nesin, Haldun Taner, Necati Cümalı, Ədalət Ağaoğlu və başqaları haqda verilən zəngin məlumatlar monoqrafiyanın maraqlı və uğurlu səhifələrini əhatə edir. Monoqrafiyanın ən geniş işlənmiş, daha uğurlu alınmış hissəsi ustad Nazim Hikmət haqqındakı materialdır. Böyük ilham, xüsusi məhəbbətlə yazılmış “Nazim Hikmət” oçerkinin hər bir səhifəsində Aqşin Babayevin ömür yolundan izlər görünür. Bu, təbiidir. Aqşin Babayevin tərcümeyi halından da məlumdur ki, o, ömrünün ən maraqlı çağlarını Nazim Hikmət sənətinin tədqiqinə həsr edib. Monoqrafiyada Nazim Hikmətin iyirmi pyesi, o cümlədən “Məhəbbət əfsanəsi”, “Yusif və Züleyxa”, “Kəllə”, “Bayramın ilk günü”, “Şöhrət və unudulan adam”, “Qəribə adam”, “Türkiyədə”, “Demoklisin qılıncı” əsərləri geniş təhlil edilir.

Aqşin Babayev məsuliyyətli, zəngin yaradıcılığa malik nasir, istedadlı dramaturq, görkəmli ədəbiyyatşünas alim, jurnalist və publisistdir. O, hansı sahədən, hansı janrda yazıbsa, ürəklə, böyük məsuliyyətlə yazıb. Tutduğu vəzifələrdə ürəklə, məsuliyyətlə çalışıb. Odur ki, onun bir əsərində biz bu ürək və məsuliyyət atəşini görürük. 1999-cu ildə onun “Kino sənətinin təməl daşı” adlı əsəri çapdan çıxdı. Bu sadəcə olaraq monoqrafiya, dərs vəsaiti deyil. Kino dramaturgiyanın sənət və sənətkarlıq qaynaqlarının əsaslarını, incəliklərini öyrənmək üçün dəyərli bir mənbədir. Monoqrafiya “Ürəkdən ürəyə yollar görünür”, “Pikasso”, “Vida”, “Bir parça həyat”, “Azərbaycandan ayrı” və digər başlıqlarla yazılsa da, bütövlükdə ssenari yaradıcılığı haqda aydın təsəvvür yaradan bir əsərdir.

Filologiya elmləri doktoru, professor Aqşin Babayev zəngin təcrübəyə malik, təvazökar, ciddi, prinsipial və obyektiv müəllimdir. Təsadüfi deyil ki, onu canlı ensiklopediya adlandırırlar.

Aqşin Babayevin bədii nəsrini əgər bir cümlə, bir fikirlə qiymətləndirmək mümkün olsaydı mən onu, hər şeydən əvvəl qüvvətli həyatilik, bədii həqiqətlər, əqidələr, təbii ehtiraslar və səciyyənamələr nəsri canlandırardım. Onun bütün hekayə, povest və romanlarında yüksək bir mədəniyyət, təbiilik, səmimiyyət, sözünə xüsusi sahiblik, yürütdüyü fikrin çəkisinə cavabdehlik vardır. Aqşin Babayevin əsərlərini oxuduqda belə qənaətə gəlirsən ki, həyatda mənəvi-əxlaqi saflıq, doğru haqq söz, qüdrətli saf kəlam qədər güclü heç nə yoxdur. Aqşin Babayev məhz saf söz və qüdrətli fikir yazıçısıdır. “İsti ürəklər” (Mirzə İbrahimov), “Təbii, canlı, müasir” (Qulu Xəlilov), “Könül dostu bir yazar” (İrfan Nəsrəddinoğlu), “Oxucuları olan yazıçı” (Şövkət Hüseynova), “Sözün heykəli” (Yusif Kərimov) və digər məqalələrdə Aqşin Babayev sənətinin bir sıra məqamları, sənətkarlığının bəzi cəhətləri səmimiyyətlə tərənnüm olunur.

Əminik ki, müasir Azərbaycan ədəbiyyatı ilə boy atan, bütün fəaliyyəti ilə ədəbi inkişafa, xalqına, millətinə xidmət edən Aqşin Babayev sənəti yeni-yeni tədqiqatların mövzusu olacaqdır”.

YAZIÇI, DRAMATURQ, ŞAİR, TƏRCÜMƏÇİ, FİLOLOGİYA ELMLƏRİ DOKTORU, PROFESSOR, ƏMƏKDAR JURNALİST, İCTİMAİ XADİM

error: